AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım aktları mənbələrdə” mövzusunda elmi sessiya keçirilib. Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbiri giriş nitqi ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açaraq Azərbaycan xalqının son iki əsrdə erməni vandalizmi və terrorizminə məruz qaldığını, erməni millətçilərinin “əks-inqlabçılara qarşımübarizə” şüarı altında 1918-ci ilin martında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdiklərini və bu tərəqqi hadisənin bəşəriyyətdə hər zaman lənətlənəcəyini bildirib. O, 31 Mart soyqırımına ilk dəfə siyasi və hüquqiqiymətin xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqrımı haqqında” müvafiq Fərman imzalaması ilə verildiyini vurğulayıb. Daha sonra məruzələr dinlənilib. Filologiya elmləri doktoru Raqub Kərimov“XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların Qarabağ şairlərinin yaradıcılığında bədii əksi” adlı məruzə ilə çıxış edərək Qarabağın strateji məntəqə kimi çox mühüm əhəmiyyət kəsb etdiyini, onun zəngin təbii sərvətləri və mövqeyi baxımından hər zaman qonşu ölkələrin diqqətini cəlb etdiyini, məhz bu baxımdan tarixi boyu vətəni olmayan ermənilərin “Böyük Ermənistan dövləti” yaratmaq xülyası ilə gəlib Qarabağda məskunlaşdıqlarını qeyd edib, Mir Möhsün Nəvvab, Mirzə Rəhim Fəna, Məmo bəy Məmai kimi şairlərin azərbaycanlıların soyqırımını, erməni xislətini öz yaradıcılığında əks etdirdiyini, Məhəmməd ağa Müctəhidzadəni digər yazarlardan fərqləndirən əsas cəhətin erməni vəhşiliklərini təkcə sadalamadığı, həm də bu faciəni törədənlərə qarşı mübarizəyə çağırmasında olduğunu bildirib. Tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirli “Əhməd bəy Ağaoğlu və “Difai” təşkilatının erməni terroruna qarşı mübarizəsi” adlı məruzəsində XX əsrin əvvəllərində milli hərəkatın ən böyük liderlərindən biri olan Əhməd bəy Ağaoğlu, onun erməni terror təşkilatına qarşı mübarizə prosesində yaratdığı döyüş qabiliyyətli “Difai” (Müdafiə) təşkilatı haqqında bəhs edib, partiyanın əsas məqsəd və vəzifələri, eləcə də bu təşkilatın milli amala çatmaq uğrunda fəaliyyətinin şərhini verib.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Azərbaycan xalqının erməni terroruna qarşı müqaviməti və Sultan bəy Sultanovun yaratdığı könüllü milis dəstələri” adlı məruzə ilə çıxış edərək erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin müsəlman kəndlərinin mühafizə olunmasında müstəsna xidmətlərindən, onun mübarizə apardığı zaman qarşılaşdığı çətinliklərdən və yerli əhalinin erməni terroruna qarşı müqavimətindən bəhs edib. Əlyazmalar İnstitutunun böyük elmi işçisi Aytən İmanova “1918-ci il mart soyqırımının Bakı quberniyası üzrə nəticələri” adlı məruzəsində daşnak-bolşevik alyansı tərəfindən Azərbarbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımı olduğunu və bu soyqırımın təkcə Bakıda deyil, həmçinin Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı törədilmiş terror hadisəsi olduğunu söyləyib. Bildirib ki, beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olub. Daha sonra məruzələr ətrafında çıxışlar dinlənilib.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov çıxışında bu sessiyanın yüksək elmi səviyyədə keçirilməsini xüsusi olaraq qeyd edib. Bildirib ki, Əlyazmalar İnstitutu və digər elmi müəssisələrdə azərbaycanlıların soyqırımına dair saxlanılan bütün sənədlər toplanaraq böyük çoxcildlik şəklində çap olunmalı və elmi işlərin mövzularının təsdiqində bu hadisələrə xüsusi önəm verilməlidir.

Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifov ötən əsrin əvvəllərində erməni bolşeviklərinin millətimizə qarşı həyata keçirdiyi soyqırımının aparıcı qüvvəsinin erməni daşnakları olduğunu və xalqımızın ermənilərin xarici havadarlarının köməkliyi ilə yiyələndiyi torpaqlarımızda törətdiyi insanlığa sığmayan əməllərinin şahidi olduğunu vurğulayıb.

Əlyazmalar İnstitutunun böyük elmi işçisi Novruz Bəkirov çıxışında 31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrin gələcək nəsillərə çatdırılmasının düşmənin iç üzünün tanıdılması baxımından vacib olduğunu qeyd edib. O, el sənətkarı Molla Cümənin 1918-ci ildə Şəkidə törədilən qırğınlar zamanı erməni silahlı birləşmələrinə qarşı mübarizə aparan Azərbaycan ordusuna kömək məqsədilə könüllü dəstələr yaratdığını və 1920-ci ildə bolşevik maskası altında gizlənən daşnaklar tərəfindən vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırıb. Tədbirin sonunda Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin “Soyqırım qurbanlarını hüzn və ehtiramla yad edirik” mövzusunda hazırladığı kitab sərgisinəbaxış keçirilib.

manuscript.az