Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov və səfirliyin üçüncü katibi Atabek Ramazonov AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar. Qonaqları Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qəbul edib. Görüşdə Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov, İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova və Türk dünyası türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Aygül Hacıyeva iştirak ediblər.

İlk öncə qonaqlar İnstitutun ekspozisiya zalını ziyarət edib və burada Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsi tərəfindən hazırlanan özbək xalqına məxsus yazılı abidələrdən ibarət sərgi ilə tanış olublar. Sərgidə Əmir Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb”, Kəmaləddin Hüseyn bin Əli əl-Vaiz əl-Kaşifinin “Əxlaqi-muhsini”, Dövlətşah Səmərqəndinin “Təzkirə əl-şüəra”, Abdullah Hatifi Xabuşani Caminin “Timurnamə”, Şərafəddin Aləm bin Nurəddin Fərhad Səmərqəndinin “Tarixnameyi-rakim” əsərlərinin, Əlişir Nəvainin “Xəmsə”sinin və “Divan”larının, Xacə Fəxrəddin İsmət Buxarainin “Divan”ının əlyazma nüsxələri nümayiş olunub.

Cənab səfir Əlyazmalar İnstitutunun Ekspozisiya zalında rəy kitabına ürək sözlərini yazıb.

Sonra dəyirmi masa ətrafında Əlyazmalar İnstitutu ilə Özbəkistan Respublikasında fəaliyyət göstərən əlyazma mərkəzləri arasında elmi əlaqələrin və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Akademik Teymur Kərimli bildirib ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Özbəkistanın elmi, mədəni, ədəbi, mənəvi və fəlsəfi irsini özündə əks etdirən yüzlərlə yazılı abidə mühafizə olunmaqdadır. O, qeyd edib ki, əksəriyyəti ərəb, fars, böyük bir qismi isə özbək dilində olan həmin əlyazmalar içərisində tibb, astronomiya, fəlsəfə, hüquq, məntiq, etika elminə dair mühüm mənbələr və əlbəttə ki, bədii ədəbiyyat nümunələri üstünlük təşkil edir. Həmin əlyazma irsi ilə tanışlıq ilkin olaraq bu qərara gəlməyə əsas verir ki, özbək xalqının nümayəndələri olan mütəfəkkirlər İslam dininin əsaslarının dərindən öyrənilməsində və həm fars, həm də türkdilli Şərq ədəbiyyatının inkişafında müstəsna rol oynayıblar.

Filologiya elmləri doktoru, professor Paşa Kərimov Əlyazmalar İnstitutunda tibb və farmakologiya sahəsinə aid olan ən mühüm əsərlərdən Əbu Əli ibn Sinanın “Kitab əş-şəfa”, “Kitab ül-qanun fit-tibb”, “Dəstur əl-ilac”, Əbu Həmid Məhəmməd ibn Əli ibn Ömər Nəcibəddin əs-Səmərqəndinin “Çətin dərman ləvazimatları”, astronomiyaya dair əsərlərdən Əbülqasım Bəlxinin “Tərcümeyi-mərxəl”, ədəbiyyata aid əsərlərdən Əmir Əlişir Nəvainin “Xəmsə”si və “Divan”larının, Nəxşəbinin “Tutinamə”si, Zəhirəddin Baburun “Baburnamə”sinin, dini mənbələrdən Əbu Abdullah Məhəmməd Buxarinin “Cəmi-u əs-səhih” kimi dünyaca məşhur əsərinin qədim əlyazma nüsxələrinin qorunub saxlandığını vurğulayıb. Bildirib ki, bu əlyazmalardan biri – “Qanun fit-tibb” əsərinin II cildinin XII əsrə aid nüsxəsi UNESCO-nun “Mədəni irs siyahısı”na da daxil edilib.

Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova Əlyazmalar İnstitutunun Özbəkistan Respublikasının elm və təhsil müəssisələri ilə yaxından əməkdaşlıq etdiyini nəzərə çatdırıb. O, Əlyazmalar İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutu, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universiteti arasında qarşılıqlı əməkdaşlıq memorandumları imzalandığını vurğulayıb. Bildirib ki, hazırda da bu müəssisələrlə institut arasında birgə tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır. Cənab Baxrom Aşrafxanov da öz növbəsində İnstitutda öz xalqının tarixi keçmişinə və mədəniyyətinə aid zəngin əlyazma irsinin yüksək səviyyədə qorunub saxlanılmasına görə dərin təşəkkürünü bildirib. Bir müddət öncə Özbəkistanda nəşr olunan əlyazma kataloqunda institutumuzda qorunan 20 əlyazmanın geniş təsvirinin daxil edildiyini qeyd edib. Vurğulayıb ki, Əlyazmalar İnstitutunda qorunan özbək xalqına aid əlyazma abidələrinin Azərbaycanda və Azərbaycan mədəniyyətinə aid yazılı abidələrin Özbəkistanda qarşılıqlı tədqiqi hər iki ölkə arasında elmi əməkdaşlığın yeni üfüqlərini ortaya qoyacaqdır.

Görüşün sonunda akademik Teymur Kərimli qonağa institutun yeni nəşrləri ilə yanaşı Əlyazmalar İnstitutunun çapa hazırladığı “Azərbaycanca-özbəkcə atalar sözləri” kitabının siqnal nüsxəsini də hədiyyə edib.

İştirakçılar xatirə şəkli çəkdiriblər.

manuscript.az