28 Aprel 2022-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əməkdar mədəniyyət işçisi, publisist, teatrşünas, salnaməçi Qulam Məmmədlinin 125 illik yubileyi münasibəti ilə “Görkəmli mənbəşünas Qulam Məmmədli” mövzusunda elmi sessiya keçirilib. Tədbiri giriş nitqi ilə Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov açaraq Qulam Məmmədlinin XX əsr Azərbaycan mədəniyyəti tarixində unudulmaz iz qoyduğunu qeyd edib, onu teatr və mətbuat tarixinin yorulmaz tədqiqatçısı, ensiklopedik bilik və yaddaş sahibi adlandırıb. Alim görkəmli mədəniyyət işçisini zəhmət və xidmətlərinə görə Türkiyəli tədqiqatçı Orxan Şaiq Gökyaya bənzədib. Qulam Məmmədlinin uzun illər Əlyazmalar İnstitutunun oxu zalında işlədiyini və bununla da müasir gənclərə nümunə olduğunu bildirib.

Daha sonra məruzələr dinlənilib. Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rəhimova “Qulam Məmmədli təzkirəsi” mövzusunda məruzə edib. O, məruzəsində Qulam Məmmədlinin Əlyazmalar İnstitutunun şəxsi arxiv və əlyazma fondunda “Azərbaycanın alim, yazıçı, şair və başqa görkəmli xadimləri haqqında biblioqrafik materiallar” adı altında irihəcmli “Təzkirə”sinin əlyazmasının mühafizə olunduğunusöyləyib. Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyeva “Milli mətbuatımızın görkəmli tədqiqatçısı Qulam Məmmədli” başlıqlı məruzəsində görkəmli publisistin dövrün mürəkkəb ictimai-siyasi hadisələrinin canlı şahidi olduğundan, milli-mədəni irsimizin tədqiqi, nəşri və təbliği sahəsində müstəsna xidmətlərindən bəhs edib.

İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri, Şəxsi arxivlərin tədqiqi şöbəsini aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva “Qulam Məmmədlinin epistolyar irsi” adlı məruzəsində ədəbiyyat xadimlərinin məktublaşmalarının onların həyat və yaradıcılığına dair vacib məqamların üzə çıxarılmasında əhəmiyyətli rol oynadığını nəzərə çatdırıb. Qulam Məmmədlinin görkəmli ədiblərə və tanınmış şair-yazıçıların isə ona məktublarının ədəbiyyat tariximizin öyrənilməsində mühüm istinad mənbəyi olduğunu bildirib. Tədbir məruzələr ətrafında çıxışlarla davam edib.

Əlyazmalar İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə çıxışında Qulam Məmmədlinin ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başladığını qeyd edib, onun xalq sərvətinə qayğıkeş münasibətindən, milli mədəniyyətimizə xidmətlərinə görə layiq görüldüyü təltiflərindən danışıb. Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov çıxışında “İran Azərbaycanının müasir şairləri”, “Səttarxan” şeirlər toplusu, “Mirzə Əli Möcüz”, “Xiyabani” kimi kitabların, “Cənubi Azərbaycan şairləri” antologiyasının, Əliağa Vahidin “Seçilmiş əsərlərinin” onun əməyinin bəhrəsi olduğunu qeyd edib.

Elektron resurslar şöbəsinin müdiri Firəngiz Hüseynova isə çıxışında bu ilin tədqiqat planına uyğun olaraq rəhbərlik etdiyi şöbə tərəfindən Qulam Məmmədlinin Əlyazmalar İnstitutunda qorunan şəxsi arxivinin elektron bazasının yaradıldığını bildirib. Elektron resursa daxil olan materiallardan oxucuların artıq daha asan faydalana biləcəyini vurğulayıb. Tədbirin sonunda Elektron resuslar şöbəsinin baş mütəxəssisi Vüqar Hacıyev və Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin elmi işçisi Əsmər Hümbətli tərəfindən hazırlanan videoçarx nümayiş olunub.

manuscript.az