11 may 2022-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda görkəmli alim, əruz vəzninin tədqiqatçısı, XIX əsr Azərbaycan ədəbiyyatı tarixi və nəzəriyyəsinin mütəxəssisi, şair Bəxtiyar Məmmədzadənin 75 illik yubileyi münasibətilə hazırlanmış “Bəxtiyar Məmmədzadə - 75” adlı kitabın təqdimat mərasimi keçirilib. Təqdim olunan kitabın müəllifi Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal, redaktoru və ön sözün müəllifi akademik Teymur Kərimli, rəyçiləri filologiya elmləri doktoru Paşa Kərimov, filologiya elmləri doktoru, professor Azadə Musabəyli, filologiya elmləri doktoru, professor Kamandar Şərifov və filologiya elmləri doktoru, professor Raqub Kərimovdur. Kitabda görkəmli ədəbiyyatşünas, mətnşünas, əruzşünas, uzun illər Bakı Dövlət Universitetinin müəllimi, Bakı Asiya Universitetinin Şərqşünaslıq və Filologiya fakültəsinin dekanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü filologiya elmləri namizədi, dosent Bəxtiyar Məmmədzadənin həyat və yaradıcılığından bəhs edilir. Yeni nəşrin tərtibində həmçinin tanınmış alim və pedaqoq haqqında yazılmış məqalələrdən və xatirələrdən də istifadə edilmişdir.

Qeyd edək ki, yeni nəşrin təqdimat mərasimində respublika ədəbi ictimaiyyətinin bir sıra görkəmli nümayəndələri ilə yanaşı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə, filologiya elmləri doktoru, professor Raqub Kərimov, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifova, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva, institutun böyük elmi işçisi Sona Cabbarzadə və digərləri çıxış ediblər.

manuscript.az