АMЕА-nın Nахçıvаn Bölməsində Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərman Xəlilovun 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev yubilyarın həyat və fəaliyyətinə nəzər salıb, onu tədqiqatçı və pedaqoq kimi xarakterizə edib, mühüm insani keyfiyyətlərindən söz açıb. Vurğulayıb ki, daşıdığı məsul vəzifələrin öhdəsindən uğurla gələn, təşəbbüskarlığı, elmi yaradıcılığa sevgisi, yenilikçi fikirləri ilə hər zaman seçilən arxivşünas alim Fərman Xəlilov 20-yə yaxın kitab və monoqrafiyanın, 200-ə yaxın elmi məqalənin müəllifidir. O, sahib olduğu məziyyətlərə, eləcə də müəllifi olduğu əsərlərin elmi əhəmiyyətinə, əhatəlilik səviyyəsinə, tərtib keyfiyyətlərinə görə gənc tədqiqatçılar üçün nümunədir.

Bölmə rəhbəri Fərman Xəlilovu 70 illik yubileyi münasibətilə təbrik edib, yubilyarı AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edib.

Tədbirə onlayn qoşulan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı-direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Fərman Xəlilovu əlyazmaçı alim, zəhmətkeş və ömrünü elmə həsr edən tədqiqatçı kimi səciyyələndirib. Alimin elmi yaradıcılığı haqqında fikirlərini bölüşüb, ona xoş diləklərini çatdırıb.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli yubiley tədbirində “Filologiya elmləri doktoru Fərman Xəlilovun həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzə edib. Bildirib ki, görkəmli alim, filologiya elmləri doktoru Fərman Yunis oğlu Xəlilov 1952-ci il martın 31-də Naxçıvan şəhərində müəllim ailəsində dünyaya göz açıb. Hələ məktəb yaşlarından ictimai fəallıq nümayiş etdirib, orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olub. Tələbəlik illərində də fəallıq göstərib, müxtəlif konfranslarda Naxçıvan teatrı və maarif tarixi ilə bağlı məruzələr edib, kiçikhəcmli təmsillər yazıb, onun “Şərq qapısı” qəzetində və digər mətbuat orqanlarında məqalələri işıq üzü görüb. Fərman Xəlilov “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” adlı namizədlik, “Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi” adlı doktorluq dissertasiyalarını uğurla müdafiə edib. O, apardığı uzunmüddətli tədqiqatlar, arxiv və kitabxanalardan topladığı materiallar, araşdırdığı ən incə məsələlər nəticəsində möcüzşünas alim kimi püxtələşib. Fəaliyyətinin 40 ilini şərəfli müəllimlik peşəsinə həsr edən Fərman Xəlilov pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirib.

Hacıfəxrəddin Səfərli qeyd edib ki, elmi yaradıcılığının son 10 ilini AMEA Naxçıvan Bölməsi ilə bağlayan alim 2013-cü ilin noyabr ayından İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Ədəbiyyatşünaslıq Şöbəsinin müdiri vəzifəsində çalışıb, 2016-cı ildən günümüzədək AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru kimi məsul vəzifəni uğurla icra etməkdədir.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayıl, Elmi Kitabxananın direktoru Sahab Əliyeva, Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli, Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazov və yubilyarın oğlu Yunis Xəlilov tədbirdə çıxış edərək, Fərman Xəlilovun həyat və yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkib, onun bir dost, ata, alim kimi keyfiyyətlərindən söz açıblar.

Sonda çıxış edən səbəbkar Fərman Xəlilov ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb. Naxçıvanda elmin inkişafına, elm adamlarına göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

azertag.az