27 Mart - Azərbaycan Respublikasında Elm Günü münasibətilə Hüseyn Cavidin ev-muzeyinin ərsəyə gətirdiyi “Cavidşünaslıq” çoxcildliyinin təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə çoxcildliyin tərtibçisi və ön sözün müəllifi, Hüseyn Cavidin ev-muzeyinin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxış edib. O, çoxcildlikdə dahi şair və dramaturq Hüseyn Cavidin fəaliyyətinin ilk illərindən 2018-ci ilədək dövrü mətbuatda onun haqqında dərc olunmuş bütün materialların toplandığını, 1912-ci ildən bəri müxtəlif qrafikalarda nəşr olunmuş məqalələrin transliterasiya olunaraq müasir əlifbada oxucuların istifadəsinə verildiyini qeyd edib.

Çoxcildliyin elmi məsləhətçisi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəyli bu nəşrin gərgin əməyin nəticəsi olduğunu vurğulayıb, onu cavidşünaslığın salnaməsi kimi qiymətləndirib. Alim çoxcildliyinin elmə dəyərli töhfə olduğunu deyib.

Qeyd olunub ki, “Cavidşünaslıq” çoxcildliyi və Hüseyn Cavidin ev-muzeyinin çap etdirdiyi digər nəşrlər muzeyin ölkəmizdə cavidşünaslığın mərkəzi olduğunu göstərir.

Akademik İsa Həbibbəyli humanitar sahənin alimlərini “Cavidşünaslıq” çoxcildliyindən faydalanmağa çağırıb və müvafiq bölmənin institutlarında bu materialların tədqiqata cəlb olunması üçün gənc araşdırmaçılara dissertasiya mövzusu verilməsinin vacibliyi məsələsinə toxunub.

Tədbirdə layihənin rəhbəri M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və muzey əməkdaşları çıxış ediblər.

Çıxış edən alimlər çoxcildliyin Hüseyn Cavid irsinin öyrənilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətini vurğulayıb, ədəbiyyatşünaslar, tədqiqatçılar üçün əlçatan istinad mənbəyi olacağını bildiriblər.

azertag.az