6 iyul 2022-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Xurşidbanu Natəvan Əlyazmalar İnstitutunun materiallarında” mövzusunda interaktiv elmi-kütləvi tədbir keçirilib. Bir neçə mərhələdə baş tutmuş tədbirdə əvvəlcə “Xurşidbanu Natəvanın irsi əlyazmalarda” mövzusunda əlyazma sərgisinin açılışı olub. Sonra Xurşidbanu Natəvanın İnstitutun fondunda mühafizə olunan foto-portreti əsasında hazırlanmış sənədli-bədii obrazının təqdimatı, yəni onun geyiminin detalları ilə foto əsasında bərpası və qrafika ilə portretinin çəkilməsi həyata keçirilib, daha sonra Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin biblioqrafı Gülnarə Ağayevanın hazırladığı “Xurşidbanu Natəvan – 190” kitabının təqdimatı baş tutub. Əlyazmalar İnstitutunun Elmi Ekspozisiya zalında həyata keçirilən tədbiri giriş nitqi ilə İnstitutun baş direktoru, akademik Teymur Kərimli açıb və tədbiri ərsəyə gətirən hər kəsə öz təşəkkürünü bildirib.

Daha sonra tədbir öz işini “Xurşidbanu Natəvan Əlyazmalar İnstitutunun materiallarında” mövzusunda elmi sessiya ilə davam edib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsinin sədri, REA M.Qorki adına Dünya Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, RF XİN-in MDBMİ-nin professoru, fil.e.d. Abuzər Bağırov “Xurşidbanu Natəvanın əsərləri rus mətbuatında”, Əlyazmalar İnstitutunun icraçı direktoru, fil.e.d. Paşa Kərimov “Xurşidbanu Natəvanın lirikası”, İnstitutun baş elmi işçisi, fil.e.d., professor Raqub Kərimov “Xurşidbanu Natəvan və Qarabağ ədəbi mühiti”, İnstitutun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sona Xəyal “Xurşidbanu Natəvan dövrü mətbuat səhifələrində”, İnstitutun dissertantı Səadət Mustafayeva “Xurşidbanu Natəvan Əlyazmalar İnstitutunun şəxsi arxiv materiallarında” mövzusunda məruzə ediblər. Sonra məruzələr ətrafında çıxışlar dinlənilib.

AMEA Gənc Alimlər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, AMEA Ədəbiyyat İnstitutu Türk xalqları şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, AMEA Gəncə Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov çıxışlarında Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş şairənin parlaq istedada və qabaqcıl ideallara malik olduğunu söyləyib, Natəvanın Qarabağ ədəbi mühitinin formalaşmasına, inkişafına, xalqımızın milli-mədəni irsinin zənginləşməsinə böyük töhfələr verdiyini, xeyriyyəçilik fəaliyyəti göstərdiyini vurğulayıblar. Elmi sessiyanın sonunda Əlyazmalar İnstitutunun Ekspozisiya zalında tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib. Qeyd edək ki, geyimin müəllifi Akademik Milli Dram teatrının modelyer-rəssamı Aygün Mahmudova, qrafika üsulu ilə çəkilən rəsmin müəllifi Əlyazmalar İnstitutunun baş rəssamı Fidan Səfərli, Natəvan obrazını canlandıran isə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənovadır.

manuscript.az