Bu günlərdə ön sözü (“Xurşidbanu Natəvanın irsi kitabxana və şəxsi fondlarda”) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimova məxsus “Xurşidbanu Natəvan (Xurşidbanu Natəvan Mehdiqulu xan qızı Cavanşir)” adlı biblioqrafiya işıq üzü görüb.Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi münasibətilə hazırlanan və ilk təqdimat mərasimi ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən biblioqrafiya Azərbaycanın Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası çərçivəsində hazırlanıb. Biblioqrafiyada XIX əsr tanınmış Azərbaycan şairəsi, Qarabağ xanlığında böyük nüfuza malik Xan qızı Xurşidbanu Natəvanın əsərləri, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapmışdır. Yeni nəşr ədəbiyyatşünas alimlər, tədqiqatçılar, jurnalistlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, yeni nəşrin tərtibatçıları Mədinə Vəliyeva və Gülanə Quliyeva, elmi redaktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktoru isə Xeyransa Abbasovadır.

manuscript.az