Sentyabrın 30-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyindəki ED 1.31 saylı Dissertasiya Şurasında növbəti müdafiə baş tutdu. Mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması) ixtisası üzrə keçirilən hər müdafiə məni çox sevindirir. İş ondadır ki, illərcə mətnşünaslıq sahəsində çalışan dəyərli alimlərimiz olsa da, bu ixtisas elmi dərəcələr vermək üçün nəzərdə tutulan rəsmi siyahılarda yer almayıb. Mətnşünaslar tədqiq etdikləri əlyazma hansı ədəbiyyata aiddirsə ona uyğun, ya da ədəbiyyat nəzəriyyəsi üzrə şifrlə keçinməli olublar. Nəticədə bu gün doldurulması vacib olan bir boşluq əmələ gəlib. Hətta biz Dissertasiya Şuramıza bu ixtisası daxil edərkən tərkibi formalaşdırmaqda müvafiq elmi dərəcəli və şifrli kadrların son dərəcə qıtlığı ucbatından xeyli çətinlik çəkdik. Lakin 5-6 il sonra bizim bu ixtisas üzrə o qədər elmlər və fəlsəfə doktorlarımız olacaq ki, daha dünənki sıxıntılar heç yada düşməyəcək. Amma mən istəyirəm ki, hansısa görülməli işlərin lazım olan məqamında yerinə yetirilməsində xidmətləri olan və sanki əməkləri pərdə arxasında qalan dəyərli insanlar da bilinsin, verdiklrəi faydanın müqabilində heç olmazsa onlara layiq olduqları "Sağ ol" dilə gətirilsin. Zatən, belələrinin adətən "sağ ol!"dan artıq umacağı da olmur və heyflər ki, həmin quruca "Sağ ol!" da çox zaman əsirgənir.

Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev bu quruma rəhbərlik etdiyi müddətə istər şəffaflığın artırılması, istər ədalətliliyin maksimum təmin edilməsi baxımından çox işlər görüb. Bunlar elə zəhmətlərdir ki, gendən hər halda müəyyən qədər görünə bilir və xoş yenilikləri müşahidə edənlər də qənaətlərini araı-sıra bölüşür. Lakin müəyyən ixtisaslar üzrə dərəcəli alimlərin seyrək olduğu sahələrə də məxsusi diqqət yönəltmək, bu boşluğu doldurmağa çalışmaq elə səylərdir ki, bundan yalnız peşəkarlar, işin içərisində olan mütəxəssislər hali ola və görülən işi də lazımınca qiymətləndirə bilərlər. Mətnşünaslıq ixtisası üzrə bu gün bizim Dissertasiya Şurasında Azərbaycanda ilk dəfə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcəsi almaq üçün qapı açılıbsa, bu gün həmin qapıdan bir-birinin ardınca çalışqan, zəhmətkeş, savadlı cavanlar keçirsə, bunun əsas səbəbkarı məhz Famil Mustafayevdir. Biz Şuranı formalaşdırarkən mövcud durumdan yetərincə xəbərdar olduğundan Famil müəllim bizim müraciətimizdən sonra müəyyən istisnaları da etdi və formalist olmadığına, vəziyyətə uyğun çevik addım ata bildiyinə görə də ona bir daha təşəkkür edirəm. Nə idi onun etdiyi istisna? Bu istisnanı AAK-ın Əsasnaməsindəki hansısa müddəanı pozmaqlamı etdi? Yox. O, sadəcə yüksək vəzifəli məmur deyil, həm də alim olduğundan məsələyə təfərrüatları təhlil edərək alimanə yanaşmaq qətiyyəti göstərdi. Həmin ixtisas üzrə Dissertasiya Şurasında say tərkibinin formalaşması üçün elmlər doktoru olan bir mətnşünas çatmırdı. Əlbəttə, çıxış yolu vardı. Akademiyanın bir müxbir, ys həqiqi üzvünü əlavə etməklə məsələ həll olunurdu. Mənsə istəyirdim ki, işimizin arzuladığımız yüksək keyfiyyətdə alınmasından ötrü Şurada mətnşünaslıq ixtisası üzrə təmsil olunanlar məhz bu sahənin kamil biliciləri, hamı tərəfindən mətnşünas kimi qeyd-şərtsiz etiraf edilən alimlər olsun.

Görkəmli alimimiz, Əli Kərim yadigarı filologiya elmləri doktoru Paşa Kərimov bu gün Azərbaycanın ən yaxşı mətnşünasıdır. Mən, adətən söyləndiyi kimi, yüngülvari yumşaldaraq "ən yaxşılardan biri" yox, məhz "mətnşünaslarımızın ən yaxşısı" yazıramsa, haqqı ifadə edirəm və buna azacıq tərəddüdlə baxanın qarşısına dərhal Paşanın son 30 ildən artıq müddətdə yazdığı və neçə kitab rəfini dolduracaq, bir-birindən sanballı, hamısı birbaşa mətnşünaslıqla bağlı əsərləri qoymaq olar. Lakin Paşanın ixtisas şifri mətnşünaslıq yox, Azərbaycan ədəbiyyatı üzrə idi. Baxmayaraq ki, elə doktorluq dissertasiyası mətnşünaslıq üzrə olmuşdu. Sadəcə, o vaxt az öncə yada saldığım kəsir ortadaymış - mətnşünaslıq elmi dərəcələr verilərkən nəzərdə tutulan ixtisas şifrləri sırasında yoxmuş. Və AAK sədri, ömrü boyu gördüyü bütün işlər və ortadakı əsərləri ilə məhz mətnşünas olan, amma kağızda halal sahibi olduğu bu ixtisas göstərilməyən yüksək peşəkarın tərkibimizə müstəsna hal kimi daxil edilməsinə imkan yaratdı. Kağızda yazılanı yox, reallıqda olanı üstün tutdu. Bəhrələrinə də indi Paşa Kərimovun qatıldığı müzakirələrin hər birində hər dəfə şahid oluruq İnsanları rəhbər vəzifələrə həm də ona görə təyin edirlər ki, gərək olan anda belə dürüst addımlar ata bilsin, işin xeyrinə qanunu pozmadan qanunauyğun müstəqil qərarlar verməyi də bacarsın! Bütün bunları ona görə yazdım ki, pərdə ardında kimsəyə bəyan edilmədən gərəkli işlər görənlər, millətəxeyir başlanğıclara dəstək olanlar bilinsin və yaxşılıqlar da unudulmasın!

...Sentyabrın 30-da "Əbu Abdullah Miqdad əl-Hillinin "Kənz ül-irfan" əsərinin Azərbaycandakı əlyazmalarının müqayisəli tədqiqi" mövzusunda filologiya elm sahəsi üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün kürsüyə qalxan iddiaçı isə Rüxsarə Məmmədova idi.

Və hələ müdafiə növbəsi gözləyən xeyli qabiliyyətli mətnşünas cavan da startdadır.

Yaxşı mətnşünaslara isə ehtiyacımız hələ çox olacaq. Axı ədəbi-mədəni irsimizin min ildən artıq zamana sığan misilsiz xəzinəsi tədqiqini gözləyən əlyazmalardadır... Bu, sahman yaradılmasına ehtiyac duyulan istiqamətlərdən hələ bircəsidir...

Rafael Hüseynov

AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor.